Ağdaş rayonunda bir ailənin iki üzvünün bıçaqlanması ilə bağlı yeni detallar məlum olub.
Hadisə rayonun Ləki qəsəbəsində, Ceyhun Məmmədov küçəsində yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Belə ki, rayon sakini, 59 yaşlı Arzu Əhmədov həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu Fuad Əhmədova bıçaqla xəsarət yetirib. Ətrafdakıların köməyi ilə ana və oğlu dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qonşuların sözlərinə görə, ailədə əvvəllər də tez-tez mübahisələr baş verib.
"Gecə saat 3-ə qalırdı. Uşağın anası qışqırırdı ki, bizi öldürür. Qapını sındırıb içəri girdik. Gördük ki, ana da, oğlu da qan içindədir", - qonşulardan biri bildirib.
Digər qonşu isə hadisənin qısqanclıq zəminində baş verdiyini iddia edib:
"Uşaqlıqdan bir yerdə böyümüşük. Arzu fəhlə adamdır, beyninə şeytan girib. Axşam ona demişdim ki, yoldaşınla mehriban ol, dalaşma, oğlun var, ayıbdır, sənə yaraşmır. Gecə saat 2-də arvadı və uşağı ilə dalaşıb, onları bıçaqlayıb".
Faktla bağlı araşdırma davam etdirilir.
Ağdaş rayonunda bıçaqlanan ana və oğlu evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd edilir ki, bu gün saat 02:50-də 2 nəfər (1 kişi, 1 qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Ağdaş rayonunda bir ailənin iki üzvünün bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün gecə saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.
İddia edilir ki, Aygün Əhmədova və yeniyetmə oğlu həyat yoldaşı Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Qadın kişinin ikinci həyat yoldaşı olub. Arzu Əhmədov birinci ailəsindən ayrılıb və ikinci dəfə ailə həyatı qurubmuş. Son günlər ailədə tez-tez mübahisələr və dava-dalaş olurmuş.
İddialara görə, Arzu Əhmədov dünən səhər saatlarında həyat yoldaşını bıçaqlamağa cəhd edibmiş. Lakin qadın onun əlindən qaçıb qonşuda gizləndiyindən Arzunun cəhdi baş tutmayıb. Qadın dünən məsələ ilə bağlı qonşulara da məlumat veribmiş. Avqustun 24-də gecə saat 3 radələrində Arzu Əhmədov Aygün ilə yenidən mübahisə edib.
Ehtimal edilir ki, mübahisə zəminində, o, həyat yoldaşını kürəyindən bıçaqlayıb. Həmin vaxt səsə gələn oğlu Fərid atasına mane olmaq istəsə də alınmayıb. Arzu Əhmədovun oğlunu da qolundan bıçaqlayaraq hadisə yerindən qaçdığı iddialar arasındadır.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdaşda bir ailənin iki üzvü bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədovanın əri - 59 yaşlı Arzu Əhmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.