ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrisin onu faşist adlandırmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə özünə məxsus olan "Truth" sosial şəbəkəsində yazıb.
ABŞ-nin keçmiş prezidenti bildirib ki, bu cür ittihamlar onun seçkidəki rəqibinin azğın beyninin məhsuludur.
"O, ritorikasının səviyyəsini yüksəltməyə davam edir, o, artıq elə həddə çatıb ki, məni Adolf Hitler adlandırıb. Bütün bu ittihamlar onun azğın beyninin məhsuludur. O, demokratiya üçün təhlükədir və Birləşmiş Ştatların prezidenti olmağa yararsızdır", - deyə D.Tramp qeyd edib.
ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Trampı faşist adlandırıb.
Oxu.Az xəbər verir ki, K.Harris bu fikirləri CNN telekanalının canlı efirində bildirib.
"Bəli, mən onu faşist hesab edirəm. Mən, həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən onların karyerasına bax", - deyə K.Harris bildirib.
K.Harrisin sözlərinə görə, 2017-ci ildən 2021-ci ilə qədər prezidentliyi dövründə D.Tramp administrasiyasında çalışmış bir neçə nəfər də onu "yararsız və təhlükəli" insan kimi qələmə verib.
Qeyd edək ki, D.Trampı daha əvvəl Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəisi Mark Milley və Ağ Ev qərargahının keçmiş rəhbəri, istefada olan general Con Kelli də faşist adlandırmışdılar.
Rəylər