Hindistanın Çhattisqarx ştatında ana ayının hücumu nəticəsində üç nəfər ölüb. Hadisə Larqaon-Markatola kəndində baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.
Aşramda aşpaz işləyən Qorse Curi və onun qardaşı Xalal Xorom iki azyaşlı uşaqları ilə birlikdə evə qayıdarkən aqressiv ayının hücumuna məruz qalıblar. Onlar uşaqları təhlükəsiz yerə uzaqlaşdırdıqdan sonra ayıdan xilas olmağa çalışıblar.
Hadisəni görən bacıları Xorin Bay da onlara kömək etmək üçün hadisə yerinə gəlib. Lakin ayının hücumu nəticəsində hər üç şəxs həyatını itirib.
Araşdırma zamanı meşə təsərrüfatı idarəsinin nümayəndələri müəyyən ediblər ki, hadisədən bir gün əvvəl ana ayı balasını qaraciyər infeksiyası səbəbindən itirib. Bildirilib ki, heyvanın stres vəziyyətində olması onun aqressiv davranışına səbəb ola bilər.
Eyni dövrdə həmin ərazidə başqa bir ayının hücumu nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.
Meşə təsərrüfatı idarəsi yerli sakinlərə xüsusi xəbərdarlıq edib. Qurum vəhşi heyvanların hücumu təhlükəsinin yüksək olduğunu bildirərək sakinləri meşə ərazilərinə tək getməməyə çağırıb.