ABŞ ordusu Hörmüz boğazı yaxınlığında mina yerləşdirməyə cəhd edən, İrana məxsus 16 kateri məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki bölməsi məlumat verib.
"10 martda ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında mina yerləşdirməyə cəhd edən 16 kater də daxil olmaqla bir neçə İran hərbi gəmisini məhv etdi", - deyə komandanlığın açıqlamasında bildirilir.
ABŞ-nin silahlı qüvvələri Hörmüz boğazında mina yerləşdirmək üçün istifadə olunan 10 kateri məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. O, bundan əvvəl İranı boğazda həqiqətən mina yerləşdirilibsə, onları dərhal zərərsizləşdirməyə çağırmışdı.
"Son bir neçə saat ərzində mina yerləşdirməyə cəhd edən 10 kater və gəmini vuraraq tamamilə məhv etdik və bunun ardınca daha çoxu olacaq!", - deyə Tramp qeyd edib.
Donald Tramp əlavə edib ki, ABŞ mina yerləşdirən gəmilərlə mübarizədə Sakit okeanın şərq hissəsində və Karib dənizində narkotik qaçaqmalçılarına məxsus gəmilərə qarşı həyata keçirilən "Cənub Nizəsi" əməliyyatı çərçivəsində istifadə olunan eyni texnologiyalardan yararlanır.
ABŞ kəşfiyyatı Hörmüz boğazında dəniz yollarına İran tərəfindən mina yerləşdirilməsi ilə bağlı əlamətləri müşahidə etməyə başlayıb. Məlum olub ki, Tehran hər biri iki-üç mina daşıyan kiçik gəmilərdən istifadə edir.
ABŞ kəşfiyyat qurumları İranın Hörmüz boğazında minalar yerləşdirməyə başladığı barədə məlumat əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında yerləşən gəmiçilik dəhlizində minalar quraşdırmaq istiqamətində addımlar atdığına dair məlumatlar əldə edib.