İndoneziyanın Yava adasında İndramayu dairəsinin Kiyadcaran Kulon kəndi yaxınlığında toy qonaqlarını daşıyan pikap tipli avtomobil hərəkətin sıx olduğu şosedə qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi polisə istinadən məlumat verir.
Qəza nəticəsində 13 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yerli yol polisinin rəisi Undanq Syarif Xidayat bildirib ki, qrup qonşu Parean kəndindəki toydan sonra evə qayıdırmış.
Nəqliyyat vasitəsi şosedə geri dönüş etmək istəyərkən böyük yük maşını arxadan ona çırpılıb.
Zərbə pikapı qarşı zolağa atıb və orada da onunla başqa bir yük maşını toqquşub.
Polisin məlumatına görə, sağ qalan beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.