"Təqribən bir həftə əvvəl İran parlamentində erməniləri təmsil edən deputat Ara Şaverdiyan yerli mətbuata açıqlamasında bildirib: "Ermənistanda həyata keçirilən texniki, mühəndislik və tikinti layihələrinin üçdə ikisi İran podratçıları tərəfindən icra olunur".
Bu bəyanat İran-Ermənistan əməkdaşlığının hansı səviyyəyə çatdığının əyani göstəricisidir.
Müşahidələr və faktlar göstərir ki, hətta ABŞ və İsraillə müharibə də İranın Ermənistanla müxtəlif sahələri əhatə edən əlaqələrini zəiflətməyib. Əksinə, son dövrlər bu əməkdaşlıq daha da intensivləşərək çoxşaxəli xarakter almağa başlayıb. Görünən odur ki, TRİPP layihəsi reallaşma mərhələsinə yaxınlaşdıqca, İran Ermənistanda fəallığını artırmaqla regionla bağlı planlarını həyata keçirməyə çalışır. Son bir ay ərzində Tehran və İrəvan rəsmilərinin yüksək səviyyəli qarşılıqlı səfərləri, eləcə də müzakirə olunan mövzuların geniş spektri bunu təsdiqləyən amillər kimi qiymətləndirilə bilər".
Oxu.Az xəbər verir ki, bu fikirlər "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə səsləndirilib.
"Belə ki, ötən ayın sonlarında İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri, həmçinin Ermənistan-İran Hökumətlərarası Birgə Komissiyasının həmsədri Həmid Purməhəmmədi gözlənilmədən İrəvana səfər edib. O, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan ilə görüşlər keçirib. Purməhəmmədi, həmçinin Qacaran tunelinin tikintisinə başlanması münasibətilə təşkil olunan rəsmi mərasimdə iştirak edib.
Qeyd edək ki, İranda Şimal-Cənub avtomagistralının mühüm hissəsi hesab olunan Qacaran tunelinin tikintisi Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun ayırdığı 200 milyon dollar həcmində kredit, eləcə də Ermənistan tərəfindən ayrılacaq təxminən 195 milyon dollar vəsait hesabına maliyyələşdiriləcək. Layihənin icrası İranın "Abad Rahan Pars International Group" və "Tunnel Sadd Ariana Company" şirkətlərinə həvalə olunub. Bununla bağlı sözügedən mərasimdə müvafiq müqavilələr də imzalanıb.
SEPAH-a bağlı "Cavan" qəzeti isə bu layihəni İran və Ermənistanın regional ticarətin geosiyasi xəritəsini dəyişdirməyə yönəlmiş mühüm addımı kimi qiymətləndirib", - deyə materialda vurğulanır.