Vaşinqton İranın iyulun 6-da Hörmüz boğazında yerləşən ticarət gəmilərinə ən azı iki raket atdığını ehtimal edir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hücumlar Hörmüz boğazında zərbələrin dayandırılmasını nəzərdə tutan ABŞ və İran arasındakı bir həftəlik razılaşmanın müddəti bitdikdən sonra həyata keçirilib. Bildirilib ki, bu hadisə Vaşinqtonla Tehran arasındakı anlaşma memorandumunu təhlükə altına salır. Portal qeyd edir ki, ABŞ-nin İrandakı hədəflərə zərbələr endirərək cavab verməsi ehtimal olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını özündə əks etdirən anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenstok kurortunda Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar aparılıb. Birinci raundun yekunlarına dair Pakistan və Qətərin birgə bəyanatında vurğulanıb ki, İran və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət və konstruktiv şəraitdə baş tutub, ümidverici irəliləyiş əldə olunub və gələcək texniki məsləhətləşmələrin aparılması üçün müvafiq zəmin yaradılıb.