Tehran İran və ABŞ arasında döyüş əməliyyatlarının yenidən başlaması fonunda Hörmüz boğazını bağladığını elan edib.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.
Onun sözlərinə görə, parlament deputatları "Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üzrə strateji fəaliyyət" layihəsi çərçivəsində bir sıra tələbləri təsdiqləyiblər. Şərtlərə əsasən, Hörmüz boğazından gəmiçilik yalnız tranzit tarifləri və hərbi təzminatların ödənilməsindən sonra mümkün olacaq.
"ABŞ ilə müharibə dövründə İrana hər hansı formada zərər vuran ölkələr Tehranla təzminat ödənilməsi barədə razılığa gəlməlidirlər. Əks halda, onların boğazdan keçməsinə icazə verilməyəcək", - deyə bəyanatda bildirilir.
Bundan başqa, marşruta çıxış əldə etmək üçün gəmilər sığorta və bank zəmanəti almalıdırlar.
Qeyd edək ki, bu gün ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə kütləvi zərbələr endirib. Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Yaxın Şərqdəki ABŞ bazalarına cavab zərbələri endirdiyini açıqlayıb.