Almaniyanın paytaxtı Berlin Senatının şəbəkələrinə avqustun əvvəlində həyata keçirilən genişmiqyaslı haker hücumundan sonra kibercinayətkarlar şəhər rəhbərliyindən təxminən iki milyon avro tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi Berlin Senatının nümayəndəsi Kristina Rixterə istinadən məlumat yayıb.
"Rhysida" adlı qruplaşma bu cinayətə görə məsuliyyəti öz üzərinə götürüb və 5.7 terabayt həcmində məlumat əldə etdiyini iddia edir. Hakerlər pulun sentyabrın 4-dək ödənilməsini tələb edirlər.
Avqustun 28-dən etibarən kibercinayətkarlar oğurladıqları məlumatları "Darknet"də hərraca çıxarıblar.
"Minimum təklif 30 bitkoindir ki, bu da təxminən iki milyon avroya bərabərdir. Hərrac cümə gününə qədər davam edəcək", - Rixter bildirib.
Onun sözlərinə görə, bundan sonra məlumatların tam və ya qismən yenidən satılacağını və ya dərc ediləcəyini ehtimal etmək lazımdır.
Senatın məlumatına görə, söhbət son illərdə Şimali və Cənubi Avropada, Almaniyada və ABŞ-də müxtəlif obyektlərə qarşı bir sıra kiberhücumlarla əlaqələndirilən yüksək peşəkar qruplaşmadan gedir.
Kiberhücum barədə avqustun 14-də məlumat yayılıb. Bundan sonra hücuma məruz qalan iki qurum - Berlin Senatının mobillik, nəqliyyat, iqlimin və ətraf mühitin mühafizəsi məsələləri üzrə idarəsi, eləcə də şəhərsalma, tikinti və mənzil məsələləri üzrə idarəsi - müvəqqəti olaraq şəhərin ümumi şəbəkəsindən ayrılıb.
Hazırda məlum olan məlumatlara görə, avqustun 7-dən 12-dək böyük həcmdə məlumat sızdırılıb. Onların arasında şəxsi məlumatlar da daxil olmaqla məxfi məlumatlar var.