"Ötən cümə günü Tehranda keçirilən 10 kilometrlik məsafəyə qaçış yarışı tez bir zamanda adi idman hadisəsi olmaqdan çıxaraq sosial-siyasi gündəmin əsas mövzularından birinə çevrilib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Rəsmi olaraq "Tehrun-10K" adlanan marafonda qadınlar və kişilər ayrı-ayrılıqda iştirak ediblər: qadınların yarışı saat 05:30-da, kişilərin yarışı isə 07:00-da başlayıb. Yarışa minlərlə insanın qoşulduğu bildirilir. Hadisənin xüsusi diqqət çəkməsinə səbəb isə qadın iştirakçıların bir qisminin hicabsız və qısaqol köynəklərdə qaçmaları olub.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və çox keçmədən rəsmi qurumların reaksiyası da meydana çıxıb. Bu, İran şəraiti üçün önəmli məsələdir, çünki ictimai məkanda məcburi hicaba riayət olunması hələ də qüvvədə olan hüquqi tələbdir. Hadisənin ən maraqlı tərəflərindən biri budur ki, yarış icazəsiz keçirilən tədbir olmayıb. Tehran əyalətinin İdman və Gənclər İdarəsinin rəhbəri Həbib Sotudenejad bildirib ki, yarışa əyalətin Təhlükəsizlik Şurası tərəfindən icazə verilib. İran Atletika Federasiyası da yarışdan əvvəl iştirakçılardan hicaba və islami davranış qaydalarına riayət etmək barədə yazılı öhdəlik alındığını, qadınlara baş örtüyü paylandığını bildirib. Sotudenejadın sözlərinə görə, yarış zamanı təşkilatçılar və mühafizə qüvvələri iştirakçılara xəbərdarlıq edib, hətta bəzi qadınların yarışda iştirakının qarşısı alınıb. O, iştirakçıların təxminən 95 faizinin qaydalara əməl etdiyini bildirib, hərçənd yayılan videogörüntülər bunun heç də belə olmadığını göstərir. Beləliklə, hakimiyyət üçün əsas problem rəsmi icazə verilmiş bir tədbirin gedişində məcburi hicab tələbinin kütləvi şəkildə pozulması olub. Nəticədə sentyabrın 19-da İran məhkəmə hakimiyyətinin orqanı olan "Mizan" portalı xəbər yayıb ki, Tehran prokurorluğu yarışın təşkilatçıları və məsul şəxsləri barəsində hüquqi proses başladıb. Rəsmi açıqlamada tədbirdə qanunun və şəri qaydaların pozulduğu bildirilib. Lakin konkret neçə nəfərin və kimlərin məsuliyyətə cəlb olunduğu, onlara qarşı hansı maddənin tətbiq ediləcəyi açıqlanmayıb", - deyə videosüjetdə bildirilib.