İranın yüksəkrütbəli rəsmiləri arasında keçirilmiş telefon danışığında ABŞ-nin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələri müzakirə olunub. Onlar bu hücumların gözləniləndən daha az dağıdıcı olduğunu bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" öz mənbələrinə istinadla yazıb.
Məlumata görə, İran rəsmiləri ABŞ Prezidenti Donald Tramp tərəfindən sanksiyalaşdırılmış hücumların miqyasının əvvəlcədən təxmin ediləndən daha zəif olduğunu qeyd ediblər.
"Birləşmiş Ştatlar bu ay İranın nüvə proqramı ilə bağlı obyektlərinə edilən hərbi zərbələri müzakirə edən yüksəkvəzifəli iranlı məmurlar arasında aparılan telefon danışığının yazısını əldə edib. Onlar zərbələrin gözləniləndən daha az dağıdıcı olduğunu bildiriblər", - deyə nəşrdə vurğulanır.
Lakin Ağ Evin mətbuat katibi Kerolin Livitt bu məlumatı "kontekstdən çıxarılmış sızma" adlandırıb. O bəyan edib ki, adı çəkilməyən iranlı rəsmilərin dedikləri həqiqəti əks etdirmir və İranın nüvə proqramına son qoyulduğunu vurğulayıb.
Amerikalı rəsmi isə bu məlumatların etibarlılığına şübhə ilə yanaşaraq bildirib ki, ayrı-ayrı telefon danışığı genişmiqyaslı kəşfiyyat dəyərləndirmələri ilə müqayisə oluna bilməz.
"Adı açıqlanmayan bir neçə iranlının söhbəti, müxtəlif mənbələrdən və müxtəlif yollarla əldə olunmuş geniş məlumatlara əsaslanan kəşfiyyat qiymətləndirmələri ilə eyniləşdirilə bilməz," - deyə o əlavə edib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.