Mart ayında döyüş uçuşu həyata keçirən İranın üç "Su-24" pilotu qırıcıların qəzaya uğramasından sonra Qətərdə əsir götürülüb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə məlumat yayıb.
"Mart ayında baş tutan hücumlar zamanı "Su-24" qırıcılarının qəzaya uğraması nəticəsində üç İran pilotu Qətər qüvvələri tərəfindən əsir alınıb. Cavad Salehi, Əbdülməcid Dəştiyan və Ümran Bəhruziyan artıq 6 aydır ki, Qətər hərbçilərinin əsirliyindədirlər. Qətər hökuməti indiyədək onlara ailələri və ya işləri ilə məşğul olan səlahiyyətli şəxslərlə görüşməyə, eləcə də əlaqə saxlamağa icazə verməyib", - deyə o, bəyanatında bildirib.
M.Baqerzadə Beynəlxalq Qırmızı Xaç Komitəsini Qətərdəki İran pilotları ilə ən qısa zamanda görüşməyə, onların səhhətini yoxlamağa və azad edilmələri üçün lazımi şərait yaratmağa çağırıb.