"Müctəba Xamenei (İranın yeni ali lideri, öldürülmüş sabiq lider Əli Xameneinin oğlu - red.) sağ və salamatdır".
Oxu.Az xəbər verir ki, bu barədə İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian məlumat verib. O, sosial şəbəkə paylaşımında yayılan xəbərlərin şayiə olduğunu deyib.
"Cənab Müctəbanın yaralanması xəbərini eşitdim. Onunla əlaqə saxlayan dostlarımdan soruşdum. Onlar dedilər ki, Allahın lütfü ilə sağlamdır və heç bir problem yoxdur", - deyə Yusif Pezeşkian qeyd edib.
Fotoda Yusif Pezeşkian

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.