İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ bazalarına qarşı yeni raket hücumları dalğasının başladığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İran cavab əməliyyatı çərçivəsində "Fəttah" hipersəs raketlərindən istifadə edib.
ABŞ-nin Küveytdəki aviabazası İranın ballistik raket hücumlarına məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, raketlərin qəlpələri aviabazanın yaxınlığında düşüb.
Bundan əlavə, internetdə Qətərə raket düşməsinin videosu yayılıb.
Görüntülərdə zədələnmiş İran PUA-sının düşdüyü anı əks etdirən görüntülər yer alır.
İranın BƏƏ-yə hücumu nəticəsində bir nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Gulf News" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik bildirib ki, BƏƏ İranın ballistik raketləri ilə hücuma məruz qalıb, lakin hava hücumundan müdafiə qüvvələri bir neçə raketi uğurla ələ keçirib. Lakin raket qalıqları yaşayış məntəqəsinə düşüb və maddi ziyana səbəb olub.
Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini müdafiə etmək üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.
İranın bölgədəki ABŞ bazalarına hücumları nəticəsində Bəhreyn, BƏƏ, Qətər, İordaniya və Səudiyyə Ərəbistanında çoxsaylı partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bəhreyndə bir neçə partlayış baş verdiyi bildirilib. Qətər hakimiyyəti isə İran raketini zərərsizləşdirdiyini açıqlayıb.
Bundan əlavə, İran BƏƏ-dəki Əl-Dəfra aviabazasına raket zərbələri endirib.
İranın İordaniyadakı ABŞ obyektlərinə hücum etməsi barədə də məlumatlar yayılıb. Partlayışlar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da eşidilib.
Daha öncə xəbər verildiyi kimi, Qətər, BƏƏ, İraq və Bəhreyn artıq hava məkanlarını bağlayıblar.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.