Sünni üsyançılar İraqda ən iri neft emalı kompleksi üzərində tam nəzarət əldə etdiklərini elan ediblər.
Oxu.Az BBC-yə istinadən bildirir ki, Bağdaddan 200 km aralıda, şimalda yerləşən Bayci şəhərində döyüşlər 10 gün ərzində davam edib, indiyə qədər İraq ordusu cihadçıların hücumlarını dəf etməyi bacarıblar.
Baycidə neft emalı zavodu İraqda emal edilmiş yanacağın üçdə birini istehsal edir, bu döyüşlər artıq ölkədə benzinlə problem yaradıb.
Şimali İraqda olan BBC müxbiri Cim Myuir xəbər verir ki, Bayci kompleksinin ələ keçirilməsi üsyançıların işğal etdikləri torpaqları nəzarət altında saxlamaq üçün əsas vəzifələrindən idi.
Bazar ertəsi İraq ordusu “İraq Şam İslam Dövləti”nin yaraqlılarının hərbi strateji əhəmiyyətli olan, Suriya sərhəddindən 60 km uzaqlıqda yerləşən Tal-Afar şəhərində aerodromu ələ keçirib.
Şəhərin yaxınlığından keçən Suriyanı Mosul ilə birləşdirən şose yolunu da İŞİD yaraqlıları ələ keçirib. Son iki həftə ərzində sünni yaraqlıları Bağdadın şimal və qərb istiqamətində əksər əraziləri və Suriya və İordaniya sərhəddində nəzarət-keçid punktlarının hamısını ələ keçiriblər.
İŞİD yaraqlıları İraq və Suriya ərazisində sünni Xilafəti yaratmaq istədikləri barədə bəyanat veriblər.
“İraq Şam İslam Dövləti”nin nümayəndələri bəyan ediblər ki, neft emalı zavodunun idarəçiliyi yerli əhaliyə həvalə ediləcək.
Onun sözlərinə görə, cihad tərəfdarlarının Bağdada doğru irəliləməsi davam edir.
Onların deklarasiya etdikləri məqsəd İraq və Suriya ərazisində Xilafətin yaradılmasıdır.
Bazar ertəsi ABŞ-ın dövlət katibi Con Kerri Bağdada gözlənilməz səfər edib. Səfər zamanı İraq siyasi liderləri ilə görüşərək İraqa “ciddi və uzunmüddətli dəstəyin göstəriləcəyini” vəd edib.
Kerri xəbərdarlıq edib ki, sünni yaraqlılarının irəliləməsi İraqın mövcudluğu üçün təhlükədir və yaxın günlər və həftələr ölkənin gələcəyi üçün həlledicidir.
ABŞ-ın dövlət katibi İraqın baş naziri Nuri Maliki ilə görüşüb və həm sünni, həm də şiələrin aparıcı siyasətçiləri ilə danışıqlar aparıb.
Bir qədər sonra Bağdadda Amerika səfirliyində Kerri bəyan edib ki, ABŞ-ın dəstəyi “İraq təhlükəsizlik qoşunlarına “İraq Şam İslam Dövləti”nin qüvvələrinə qarşı durmağa imkan verəcək”.
Son zamanlar İraq şiə nümayəndəsi Maliki hakimiyyəti öz müttəfiqlərinin əlində cəmləşdirərək, demək olar ki, sünni və kürdləri ölkə idarəçiliyi prosesindən praktiki olaraq uzaqlaşdırdığı üçün Qərbin ciddi tənqidinə məruz qalır.
Con Kerri bəyan edib ki, “İraq liderləri tez bir zamanda geniş demokratik hakimiyyət yaratmalıdırlar”.
Kerrinin sözlərinə görə, Maliki iyul ayının 1-nə yeni hakimiyyət formalaşdıracağını deyib.
FOTO: Reuters
www.oxu.az