Bu gün Misirdə qibtilərə məxsus iki kilsədə törədilən terror aktları nəticəsində ölənlərin sayı ən azı 43 nəfərə çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 27 nəfər Tante şəhərindəki kilsədə törədilən partlayış nəticəsində ölüb. Bundan əlavə, 16 nəfər, eləcə də də 3 polis İskəndəriyyə şəhərində törədilən terror aktı zamanı həyatını itirib.
Həmçinin bildirilir ki, 78 Tantedə, 40 nəfər İskəndəriyyədə yaralanıb.
İŞİD qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
21:16 (09.04.2017)
İsgəndəriyyədə kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.
Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
17:20
Bu gün Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.
15:49
Bu gün Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin “ON-TV” telekanalı məlumat yayıb.
Partlayış kilsənin qapısı qarşısında törədilib. Partlayış anında patriarx İkinci Teodor da kilsədə olub, ancaq xəsarət almayıb.
İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayış zamanı bir polis zabitinin şəhid olduğu bildirilir. O terrorçu-kamikadzenin kilsəyə daxil olmasının qarşısını alan zamanı həlak olub.
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib.
A.M.