“İslam dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları İraqın Mosul şəhərində mərkəzi kitabxanasını partladaraq 10 min kitabı məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Elaf” internet portalı bildirib.
Kitabxananın direktorunun sözlərinə görə, partlayış nəticəsində üçmərtəbəli binanı alov bürüyüb. Kitabxananın həyətində yaraqlılar İraqın mədəni irsi olan kitablardan və əlyazmalardan tonqal qalayıblar. Məhv edilən nəşrlər arasında mədəniyyət, fəlsəfə və tarixə dair nadir nüsxələr olub. İŞİD yaraqlıları öz hərəkətlərini kitab və manuskriptlərin fikirayrılığı yaratması ilə izah ediblər.
Anbar əyalətinin şura üzvü Adal əl-Fəhdaui öz növbəsində bildirib ki, son həftələrdə radikallar bir neçə kitabxananı dağıdaraq orada olan 100 mindən çox kitabı məhv ediblər.
“İslam dövləti” Suriya və İraq ərazisində 2013-cü ildən tanınmamış dövlət kimi fəaliyyət göstərən terror təşkilatıdır. 2014-cü ilin 29 iyun tarixində özünü xilafət elan edərək şəriət idarəçiliyi və Rakkada (faktiki olaraq paytaxt) qərargahı ilə fəaliyyətdədir. Təşkilat 2006-cı ildə İraqda 11 radikal islamçı qrupun birləşməsindən yaranıb, təşkilatın başında yerli “Əl-Qaidə” durur.
Qeyd edək ki, ən məşhur və kütləvi kitab yandırmanı vaxtı ilə faşizm lideri Adolf Hitlerin tərəfdarları təşkil etmişdilər.