İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın cənubundakı Ezra şəhərində komanda məntəqəsini və sursat anbarlarını məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.
Bildirilir ki, Dəməşqdən 65 km məsafədə yerləşən Ezrada 12-ci Tank Alayının səhra düşərgəsi yerləşir. Zərbələr nəticəsində komanda məntəqəsi, sursat anbarları və yanacaq anbarı məhv edilib.
Telekanalın məlumatına görə, təyyarələr Dəməşqdən cənub rayonlarına gələrək orada sabitliyi bərpa etmək və druz dağ özünümüdafiə qüvvələrini tərksilah etmək üçün Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinə hücum edib.
Qeyd edək ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayan ərəbdilli etno-konfessional qrupdur. Suriyada 700 min druz yaşayır. Onlar kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini və etnik azlıqdırlar.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ortaq bəyanat verərək İsrail ordusuna Suriya hərbi birliklərini hədəfə almaq tapşırığı veriblər.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Bəyanatda qeyd olunur ki, Suriyanın Əs-Süveyda əyalətinə daxil olan ordu birlikləri yerli druz xalqının təhlükəsizliyinə təhdid yaradır.
"Biz Suriya rejiminin onlara zərər verməsinin qarşısını almaq üçün hərəkətə keçirik, həmçinin sərhədlərimizin demilitarizasiyasını təmin edirik", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyulun 13-də Suriyanın Əs-Süveyda əyalətində ərəb qəbilələrinin silahlıları ilə druz yaraqlıları arasında baş verən toqquşmalarda azı 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Hadisədən dərhal sonra Əs-Süveydada vəziyyəti nəzarət altına götürmək üçün Suriya hakimiyyəti ölkənin cənubuna xüsusi təhlükəsizlik qüvvələri göndərib. Lakin bu da vəziyyətin stabilləşməsinə gətirib çıxarmayıb və Suriya ordusu ilə yerli druzlar arasında silahlı toqquşma baş verib.