Qəzza bölgəsində həlak olanları dəfn edirlər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, İsrailin iyulun 8-nə keçən gecə başlatdığı “Sarsılmaz Qaya” əməliyyatı nəticəsində 40 fələstinli ölüb, 200-ə yaxın nəfər isə yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var.
“İntiqamını davam etdirməkdə qətiyyətli olan sionist düşmən yaşayış evlərini darmadağın edərək qırmızı xətti keçib. İşğalçılara bu, baha başa gələcək. Müdafiə hərəkatımız susmayacaq. Bu gün o nəyə qadir olduğunu göstərdi, bu isə sadəcə başlanğıcdır.
Düşmən Fələstin xalqına qarşı aqressiyanı tamamən dayandırmalıdır, yoxsa cavabımız qəzəbli olacaq”, - Qəzza bölgəsinə nəzarət edən HƏMAS hərəkatı bildirib.
Son iki sutka ərzində yəhudi dövlətinin ərazisinə Qəzza bölgəsindən 250-yə yaxın raket atılıb. Həlak olan yoxdur.
Təl-Əvivə istiqamətlənən iki raket RƏM “Dəmir günbəz” sistemi ilə tutulub. 2012-ci ildə bu şəhər ilk dəfə Qəzza bölgəsi tərəfindən atəşə tutulub. Yerusəlim də atəşə tutulub.
İsrail Fələstin tərəfindən raket atəşinə cavab əməliyyatını “Sarsılmaz Qaya” adlandırıb. Əməliyyatın birinci sutkası ərzində Qəzza bölgəsində 200-dən çox hədəf vurulub. Zərbələr havadan və dənizdən olub.
İsrail quru işğalını da istisna etmir:
“Biz dayanan deyilik. Biz öncə dənizdən və havadan zərbələr endirəcəyik. Lazım olarsa quru əməliyyatlarına da keçəcəyik. Biz bütün imkanları nəzərdən keçiririk, sakitliyi bərqərar etməliyik”, - İsrailin daxili təhlükəsizlik naziri İshak Aaronoviç deyib.
Yəhudi dövlətinin bir çox şəhərlərində bombardman zamanı gizlənmək üçün sığınacaqlar açılıb. Quru əməliyyatının həyata keçirilməsinə hazırlıq çərçivəsində 40 min ehtiyatda olan israillilər orduya çağırış vərəqi alıb.
Eylat kurortunun aeroportu raket təhlükəsi ucbatından bağlanıb. İsrail hakimiyyəti mülki təyyarələrin hərəkət dəhlizlərini Təl-Əvivdə yerləşən Ben-Qurion beynəlxalq aeroportundan korrektə ediblər.
BBC-nin məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, onun ölkəsi Qəzza bölgəsində yerləşən terror təşkilatlarına qarşı əməliyyatları İsrail istiqamətində raket atəşi dayanmayana qədər davam etdirəcək.
BMT-nin Qaçqınlara Yardım Agentliyi Qəzzanın beş rayonunda fövqəladə vəziyyət elan edib. Fələstin yaraqlıları İsrail ərazisini raket atəşinə tutmaqda davam edirlər, iki raket Dimonda nüvə reaktorunun yaxınlığında yerə düşüb.