"İsrailin İran ərazisinə birbaşa hücumlara başladığı gündən bəri azı 606 nəfər həlak olub".
Oxu.Az-ın "Fars" agentliyinə istinada verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının səhiyyə naziri Muhəmməd Reza Zafargəndi bəyan edib.
Nazirin sözlərinə görə, ölənlərin təxminən 95 faizi dağıntılar altında qalaraq həyatını itirib.
"Qalan 5 faizi isə yaralı halda xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb", - deyə nazir bildirib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.