ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın atacağı raketlər Avropaya qədər çatsa, neftin qiyməti 150 dolları keçə bilər.
Oxu.Az-ın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Məclisinin deputatı Hüseynəli Hacı Dəliqani açıqlama verib.
"ABŞ və İsrail tərəfindən hücum və ya dağıdıcı fəaliyyət başlanarsa, İranın cavab zərbəsi elə olacaq ki, raketlərimizin mənzili Avropaya qədər çatacaq. Bu isə öz növbəsində neftin qiymətinin 150 dollar həddini aşmasına gətirib çıxaracaq", - deyə o bildirib.
Deputatın sözlərinə görə, İran məsələyə strateji reaksiya verəcək: cavab sadəcə adekvat olmayacaq, genişmiqyaslı və çoxşaxəli şəkildə reallaşacaq.
O bildirib ki, ABŞ-nin uzaq məsafədən həyata keçirdiyi dəniz blokadası İrana qarşı müharibə deməkdir. Ölkə isə uyğun vaxtda əvvəlcədən hazırladığı silahlarla düşmənə zərbə endirəcək.