İsveçrə hökuməti Kran-Montana dağ-xizək kurortunda baş vermiş yanğın nəticəsində həlak olanların ailələrinə və zərərçəkənlərə birdəfəlik 50 min İsveçrə frankı (təxminən 56 min ABŞ dolları) məbləğində kompensasiya ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçrənin Federal Şurasının bəyanatında məlumat verilib.
"Həmrəylik töhfəsi" adlandırılan bu ödənişi zərərçəkənlərin mümkün qədər tez alması üçün yeni federal qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq və təcili qaydada qəbul ediləcək.
Xatırladaq ki, Yeni il gecəsi Kran-Montana kurortunda yerləşən "Le Constellation" barında baş vermiş yanğın nəticəsində 40 nəfər həlak olub, 116 nəfər isə xəsarət alıb. Qurbanların əksəriyyətinin gənc olduğu bildirilir.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində barın fransalı həmsahibləri və ictimai təhlükəsizliyə cavabdeh yerli məmurlar araşdırmaya cəlb olunublar.