"İran Hörmüz boğazından keçən gəmilərə hücum etmək üçün azı dörd kamikadze dronu havaya qaldırıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
"Pilotsuz uçuş aparatlarından biri böyük və çox bahalı yük gəmisinin üst göyərtəsinə dəyib. Gəmi zədələnsə də, marşrutunu davam etdirib. Digər üç pilotsuz uçuş aparatı isə ABŞ hərbçiləri tərəfindən vurulub.
Aydındır ki, bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır", - deyə Tramp bildirib.
Bundan əvvəl İranın dövlət teleradio şirkəti üç xarici tankerin Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd etdiyini bildirmişdi.
Məlumata görə, tankerlər İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və marşrutlarını dəyişməyə məcbur olublar. Onlar cənub dəhlizindən istifadə etməklə boğazı keçməyə çalışsalar da, xəbərdarlıqlardan sonra yenidən Fars körfəzinə geri dönüblər.
