Qazaxıstanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkənin yeni konstitusiyası hazırkı prezident Kasım-Jomart Tokayevə dövlət başçısı seçkisində yenidən iştirak etmək hüququ tanıyır.
Oxu.Az xəbər verir ki, müvafiq sənəd dövlət orqanlarının vahid platformasında yerləşdirilib.
"1995-ci il Konstitusiyasına əsasən, sözügedən konstitusiya normalarında göstərilən vəzifələri tutan şəxslər, 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra müvafiq postlara seçilə və ya təyin edilə bilərlər", - deyə məhkəmənin qərarında qeyd olunub.
Qazaxıstanda yeni Konstitusiya iyulun 1-dən qüvvəyə minib. Əsas Qanunun yeni redaksiyasına əsasən, ölkə prezidenti yeddi il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə bir dəfədən artıq seçilə bilməz.
Qazaxıstan Konstitusiya Məhkəməsi izah edib ki, bu qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yeni prezidentlik müddəti üçün namizədliyini irəli sürməsinə imkan yarada bilər.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, qərar Qazaxıstan prezidentinin ölkə Konstitusiyasının bir sıra müddəalarının rəsmi şəkildə təfsir edilməsi ilə bağlı müraciəti əsasında qəbul edilib.
Məhkəmə instansiyası 1995-ci il Konstitusiyası çərçivəsində vəzifə tutan şəxslərin 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra eyni postlara iddia edib-edə bilməyəcəkləri məsələsini nəzərdən keçirib. Bildirilib ki, yeni konstitusiya normalarında nəzərdə tutulan məhdudiyyətlər yalnız qüvvədə olan Konstitusiya və onun əsasında qəbul edilmiş normativ aktlara uyğun olaraq baş vermiş əvvəlki seçilmə və ya təyinat faktlarını nəzərə alır. Eyni zamanda, 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə vəzifədə olma müddətləri və seçilmə və ya təyinat faktları yeni məhdudiyyətlərin tətbiqi zamanı hesaba alınmır.
Beləliklə, şəxsin yeni Konstitusiya qüvvəyə minənə qədər müvafiq vəzifədə olması onun gələcəkdə həmin posta seçilməsi və ya təyin edilməsi üçün maneə təşkil etmir. Belə seçki və ya təyinat yeni konstitusiya normalarının tətbiqi çərçivəsində ilk dəfə kimi qiymətləndiriləcək.
Xatırladaq ki, Tokayev 9 iyun 2019-cu ildə keçirilən növbədənkənar prezident seçkisində 70.96% səs toplayaraq ölkə başçısı seçilib.