Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kim Çen In Cənubi Koreya mediasına qəzəbləndi: "Niyyətləri açıqdır"
Şimali Koreya lideri Kim Çen In ölkədə baş verən daşqınlar nəticəsində 1500-ə qədər insanın həlak olduğu və ya itkin düşdüyü barədə Cənubi Koreya mediasının yaydığı məlumatları təkzib edib və qonşu ölkəni "dəyişməz düşmən" adlandırıb.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
"Yoldaş Kim Çen In dedi ki, hazırda düşmənin dəyərsiz KİV-i bizim zərər çəkmiş rayonlarda qurbanların sayının 1000 və 1500 nəfəri keçəcəyi, həmçinin xilasetmə işləri zamanı bir neçə vertolyotun qəzaya uğradığı barədə uydurma dezinformasiya yayır. O qeyd etdi ki, belə fitnəkar təbliğatla məşğul olan Seul ünsürlərinin alçaq niyyətləri aydın və açıqdır", - deyə agentlikdən bildirilib.
Qeyd edək ki, iyulun 28-də Şimali Koreya rəhbəri daşqın təhlükəsi olan rayonlarda vətəndaşların təxliyəsi və xilasetmə işlərinə şəxsən rəhbərlik edib. Altı saat ərzində vertolyotlar təxminən 4200 nəfəri təxliyə edib. Avqustun 2-də isə Kim Çen In Sinıydju şəhəri və Uidju qəsəbəsində daşqın zamanı əhalinin təxliyəsi üçün cəlb edilmiş Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin vertolyot hissəsini ziyarət edib, regiondakı güclü daşqının vurduğu ziyanı şəxsən qiymətləndirmək üçün Çin sərhədinə qayıqla səfər edib.
Qeyd edək ki, Cənubi Koreya KİV Amnokkan çayında suyun səviyyəsinin qalxması nəticəsində Şimali Koreyanın daşqınlardan əhəmiyyətli dərəcədə zərər çəkdiyini, həlak olanların və itkin düşənlərin sayının 1000-1500 nəfərə çatdığını bildirib.
Rəylər