ABŞ Administrasiyası Mayami şəhərindəki (Florida ştatı) federal prokurorlara Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriges barəsində istintaq aparmaqdan çəkinmələrini qeyri-rəsmi şəkildə məsləhət görüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, Rodriges ən azı 2018-ci ildən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin diqqət mərkəzində olub, lakin ona qarşı heç vaxt ittiham irəli sürülməyib. ABŞ Ədliyyə Nazirliyindən "Associated Press"ə bildirilib ki, Rodriges barəsində icrası dayandırılası bir istintaq aparılmayıb, lakin agentliyin mənbələrinin məlumatına görə, administrasiya Vaşinqton və Karakas arasında münasibətlərin sabitləşməsini pozmamaq üçün bütün mümkün araşdırmaların ləğvinə dair göstəriş verib.
"Hamıya bu işi dayandırmaq tapşırılıb", - deyə nəşri bilgiləndirən mənbələrindən biri qeyd edib.
Bundan əvvəl mart ayında "Reuters" agentliyi diqqətə çatdırıb ki, ABŞ Administrasiyası Karakasa təzyiqi gücləndirmək məqsədilə Venesuela prezidenti vəzifəsini icra edən şəxsin əleyhinə ittihamnamə layihəsi hazırlayıb. Lakin ABŞ Ədliyyə Nazirliyi sonradan bu iddiaları təkzib edib.