Böyük Britaniya Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etmək üçün Yaxın Şərqə mütəxəssislər göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Britaniya hərbi mütəxəssisləri Hörmüz boğazının açılması ilə bağlı variantları araşdırmaq üçün ABŞ ilə birlikdə çalışırlar", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl "Bloomberg" agentliyi Hindistanın da Hörmüz boğazı yaxınlığında tankerləri qorumaq üçün donanma göndərdiyini bildirmişdi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləməkdən imtina etdiklərinə görə tənqid edib. Ağ Ev lideri bildirib ki, ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO-nu çox pis gələcək gözləyir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.