İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə ABŞ obyektlərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərinin qurğularını və onların yanında yerləşən sursatları məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-yə məxsus HIMARS yaylım atəşli reaktiv sistemlərinin qurğularına zərbələr pilotsuz uçuş aparatlarından istifadə edilməklə endirilib. Bildirilir ki, həmin raketlər İran ərazisinə zərbə endirmək üçün artıq buraxılışa hazır vəziyyətdə olub.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-nə keçən gecə İran ərazisində təxminən 140 hədəfə zərbə endirdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu əməliyyat Tehranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.
İran isə öz növbəsində Yaxın Şərqdəki ABŞ obyektlərinə raket zərbələri endirib. Bəhreyn, Küveyt, BƏƏ, Oman və Qətər İran tərəfindən həyata keçirilən hava hücumlarının dəf edildiyini açıqlayıblar.