Ağ Evin mətbuat katibi Karolin Levittin uzaq qohumu qeyri-qanuni miqrant olduğu üçün ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Söhbət Levittin qardaşı oğlunun anası (qardaşının keçmiş arvadı-red.) Bruna Karolin Ferreyradan gedir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi onu turist vizası 1999-cu ilin iyun ayında bitmiş, cinayət törətmiş braziliyaəsilli qeyri-qanuni miqrant adlandırıb. O, noyabr ayında Massaçusets ştatında adam döymə şübhəsi ilə saxlanılıb.
1998-ci ildə hələ uşaq ikən ABŞ-yə gəlmiş Ferreyra hazırda Luiziana ştatındakı ICE mərkəzində saxlanılır. NBC mənbələrinin məlumatına görə, Levittin adı açıqlanmayan qardaşı oğlu doğulduğu gündən etibarən Nyu-Hempşir ştatında atası ilə yaşayır. O, heç vaxt anası ilə yaşamayıb və uzun illərdir onunla əlaqə saxlamayıb. ABŞ Prezidenti Donald Trampın mətbuat katibi məsələyə münasibət bildirməkdən imtina edib.
Tramp dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəsinə qeyri-qanuni yolla təxminən 25 milyon insan yerləşib. Yanvarın 20-də andiçmə mərasimindən sonra o, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı genişmiqyaslı kampaniyanın başlandığını elan edib, o cümlədən ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb.