Kubanın milli enerji sistemi doqquz gün ərzində üçüncü dəfə sıradan çıxıb. Nəticədə təxminən 10 milyon insan elektrik enerjisiz qalıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, kütləvi elektrik kəsintiləri adaya neft tədarükündə üç aydan çoxdur davam edən fasilə fonunda baş verir. Bundan əvvəl analoji kəsintilər iyulun 6-da və bir neçə gün sonra qeydə alınıb.
Kuba enerji sistemi ABŞ-nin tətbiq etdiyi iqtisadi sanksiyalar şəraitində günəş enerjisi, təbii qaz və istilik elektrik stansiyaları hesabına fəaliyyət göstərir. Yanacaq çatışmazlığı böhranı daha da dərinləşdirərək enerji təchizatını qeyri-sabit vəziyyətə salıb.
Kuba hakimiyyəti əhalini elektrik enerjisinə qənaət etməyə çağırsa da, vəziyyət ağır olaraq qalır. Ada sakinləri kəskin istilərdən və ərzaq məhsullarını saxlamağın qeyri-mümkünlüyündən şikayətlənirlər. Artıq xəstəxanalar və digər həyati əhəmiyyətli obyektlər ehtiyat generatorlar vasitəsilə fəaliyyət göstərir.