Macarıstanın Baş naziri Peter Macyar vəzifəsindən uzaqlaşdırılan Tamaş Şuyokun əvəzinə ölkə prezidenti vəzifəsinə şahmat üzrə qrossmeyster Yudit Polqarın namizədliyini dəstəklədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Yudit Polqarın namizədliyi ölkənin elm, mədəniyyət və idman sahələrinin tanınmış nümayəndələrindən ibarət nüfuzlu qrup tərəfindən irəli sürülüb.
"Ölkəmizə birlik və sülhü təmsil edəcək, hər bir macar vətəndaşının qürur duyacağı prezident lazımdır. Hesab edirəm ki, bu şəxs Yudit Polqardır. Sabah onunla görüşəcəyəm və yeni Konstitusiya qəbul edilənədək ölkəmizə bu vəzifədə xidmət etməyə hazır olub-olmadığını soruşacağam", - deyə Peter Macyar "Facebook" hesabında yazıb.
Macarıstanın 2024-cü ildən prezidenti olan Tamaş Şuyok iyulun 18-də parlament tərəfindən qəbul edilən Konstitusiyaya 17-ci düzəlişi imzalayıb. Həmin düzəliş onun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutur.
Şuyok sənədi Konstitusiyaya və demokratik prinsiplərə zidd hesab etdiyini bildirsə də, yeni hökumətlə mübarizə imkanlarının tükəndiyini əsas gətirərək istefa təzyiqlərinə boyun əyib.
Düzəlişə əsasən, sənəd qüvvəyə mindiyi andan etibarən prezidentin səlahiyyətlərinə xitam verilir və parlament 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.
Hökumət bu qərarı Şuyokun vəzifələrini lazımi qaydada yerinə yetirməməsi və hüququn aliliyinin təminatçısı funksiyasını icra etməməsi ilə əsaslandırıb.
Qeyd edək ki, Macarıstan parlament respublikasıdır və əsas icra hakimiyyəti baş nazirin rəhbərlik etdiyi hökumətin əlində cəmləşib. Prezidentin səlahiyyətləri əsasən təmsilçilik xarakteri daşıyır. Dövlət başçısı qanunları imzalayır, seçkilərin tarixini müəyyənləşdirir, hakimləri təyin edir və ölkədə birləşdirici siyasi fiqur hesab olunur.
49 yaşlı Yudit Polqar 1991-ci ildə Macarıstan çempionu olub və şahmat tarixində 2700 Elo reytinqi həddini keçən yeganə qadın şahmatçı kimi tarixə düşüb. O, 1991-1994-cü illərdə dünyanın ən gənc qrossmeysteri olub.
Polqar 1990-cı illərin əvvəllərindən etibarən kişilər arasında keçirilən nüfuzlu turnirlərdə uğurla çıxış edib, çoxsaylı beynəlxalq yarışların qalibi olub. O, Anatoli Karpov, Vişvanatan Anand və Maqnus Karlsen kimi dünya şahmatının ən güclü simalarını məğlub etməyi bacarıb.
