Futbol üzrə dünya çempionatının finalında İspaniyaya məğlub olan Argentina millisinin oyundan sonrakı görüntüləri diqqət çəkib.
Oxu.Az xəbər verir ki, İspaniyanın 1:0 hesablı qələbəsindən sonra ABŞ-nin Nyu-Cersi ştatında yerləşən stadionda gərgin anlar yaşanıb.
Final fitindən sonra İspaniya millisinin ehtiyat oyunçuları çempionluğu qeyd etmək üçün meydana daxil olublar. Bu zaman komandalar arasında qarşıdurma baş verib.
Argentina millisinin müdafiəçisi Nahuel Molina meydana daxil olan İspaniya futbolçularından birinə qarşı aqressiv hərəkət edib. Görüntülərdə onun rəqib futbolçuya zərbə endirməyə cəhd etdiyi görünür.
Daha sonra Argentina yarımmüdafiəçisi Leandro Paredeslə İspaniya futbolçuları arasında gərginlik yaranıb. Paredesin Erik Qarsianı boğaz nahiyəsindən itələdiyi görüntülər yayılıb.
Hadisələrin davamında Paredes Gavi ilə də qarşıdurma yaşayıb. O, rəqibini yerə yıxıb və üz nahiyəsinə toxunaraq aqressiv davranış nümayiş etdirib.
Qeyd edək ki, Lionel Messi üçün son dünya çempionatı olan turnirdə Argentina millisi ardıcıl ikinci dəfə kuboku qazanmaq istəyirdi. Lakin komanda finalda İspaniyaya məğlub olaraq bu fürsəti əldən verib.