"Malaysia Airlines" şirkətinə məxsus təyyarənin malayziyalı pilotu İndoneziyaya külli miqdarda narkotik vasitə keçirmək istəyərkən saxlanılıb. O, Kuala-Lumpurdan Cakartaya uçan reyslə hava limanına eniş etdikdən dərhal sonra həbs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Pilot Sukarno-Hatta beynəlxalq hava limanının gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun baqajında narkotik həblərlə dolu 14 paket aşkar edilib. Bundan əlavə, əl yükündə təxminən dörd qram metamfetamin tapılıb.
Saxlanılan şəxsin analiz nəticələri onun bədənində narkotik maddə qalıqlarının olduğunu təsdiqlədikdən sonra iş daha da böyüyüb. Gömrük qurumu rəsmilərinin ehtimalına əsasən, pilot uçuşu həyata keçirdiyi zaman da narkotik vasitənin təsiri altında ola bilərdi.
Dindirmə zamanı pilot etiraf edib ki, guya, bu onun narkotik daşımaq üçün üçüncü cəhdi olub: iki dəfə bunu İndoneziyaya, bir dəfə isə Malayziyaya edib. İstintaqın versiyasına görə, hər partiyanın çatdırılmasına görə ona 12 min dollar vəd edilib.
İndoneziya hakimiyyəti pilotun beynəlxalq narkotik şəbəkəsi ilə əlaqəli ola biləcəyindən şübhələnir. Əgər onun günahı sübuta yetirilərsə, malayziyalı pilot edam və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilər.
"Malaysia Airlines" aviaşirkəti məsələ ilə əlaqədar daxili təhqiqatlara başladığını və polis orqanları ilə birgə işləməyə hazır olduğunu bəyan edib.