Moldovada Volodimir Zelenskinin Kişineudan havaya qalxarkən təyyarəsinin pilotsuz uçuş aparatı (PUA) tərəfindən təhlükə ilə üzləşməsi barədə xəbərlər təkzib olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova hökumətinin sözçüsü Dumitru Çoriç açıqlama yayıb.
Bildirilib ki, insident sentyabrın 8-də Zelenski Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Kişineudan Osloya gedərkən qeydə alınıb. Günortadan sonra Ukrayna istiqamətindən gəldiyi bildirilən PUA-nın peyda olması səbəbindən Moldova hakimiyyəti hava məkanını bir müddət bağlayıb.
Həmin vaxt Zelenskiyə məxsus hava gəmisi aeroportda olub. Tətbiq edilən məhdudiyyətlər nəticəsində üç uçuş və dörd eniş reysi təxirə salınıb. Bir müddət sonra hava məkanı fəaliyyətini bərpa edib və göyərtə Norveçə doğru hərəkət edib.
"Zelenskinin təyyarəsinə qarşı heç bir birbaşa təhlükə qeydə alınmayıb", - deyə Çoriç diqqətə çatdırıb.
Moldova hərbi qüvvələri PUA-nı Rumıniya ilə sərhədi kəsənə qədər nəzarətdə saxlayıblar. Eyni zamanda, Ukrayna mənbələri də təyyarə üçün yaranan təhlükə xəbərlərinin reallığı əks etdirmədiyini və şişirdildiyini vurğulayıb.
Bundan əvvəl Norveçin Baş naziri Yonas Qar Störe Moldovadan uçuş zamanı Zelenskinin təyyarəsinin PUA ilə toqquşma təhlükəsindən son anda qurtulduğunu bildirib. Lakin Norveç hökumət başçısı pilotsuz aparatın kimə aid olduğunu və təyyarəyə nə qədər yaxınlaşdığını açıqlamayıb.