Yunanıstanda Moldova Demokrat Partiyasının keçmiş sədri, oliqarx Vladimir Plaxotnyuk saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.
"Bir müddət əvvəl İnterpolun Afinadakı rəsmi kanalları vasitəsilə bizə məlumat verildi ki, Moldovanın iki vətəndaşı saxlanılıb. Onlardan biri Vladimir Plaxotnyukdur", - deyə Moldova polisinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, saxlanılan ikinci şəxs Moldovanın keçmiş deputatı, Vladimir Plaxotnyukun yaxın adamlarından biri Konstantin Sutsudur.
Xatırladaq ki, Vladimir Plaxotnyuk 2019-cu ilin iyununda Moldovanı tərk edib. Siyasətçi uzun müddət ABŞ-də yaşasa da, 2020-ci ilin yanvarında orada arzuolunmaz şəxs hesab edilib. Moldovada ona qarşı üç cinayət işi üzrə həbs qərarı çıxarılıb. Vladimir Plaxotnyuk Moldova banklarından bir milyard dollara yaxın vəsaiti mənimsəməkdə ittiham olunub.