İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın direktoru Roman Hofman Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani ilə İdlib əyalətində yerləşən Əbu-Duhur aerodromuna endirilən zərbələrdən sonra görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüş yaxşı keçib. Digər təfərrüat açıqlanmayıb.
Daha əvvəl "Syria TV" telekanalı mənbəyə istinadən İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki Əbu-Duhur aerodromuna bir neçə zərbə endirdiyini bildirib. Məlumata görə, hücumlar maddi ziyana səbəb olub. "Reuters" agentliyinin məlumatına əsasən, zərbələr uçuş-enmə zolağına və anbarlara endirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirmişdi ki, Suriya yəhudi dövləti ilə təhlükəsizlik sahəsində mövcud status-kvonun pozulmasına yaxınlaşıb. O, həmçinin ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə işarə edib.