NASA astronavtları Cessika Meir və Anil Menon Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxışa başlayıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, astronavtların açıq kosmosa çıxışı skafandrların avtonom qidalanmaya keçdiyi anda - ABŞ Şərq sahili vaxtı ilə saat 08:33-də (Bakı vaxtı ilə 16:33-də - red.) başlayıb.
Təxminən yeddi saat davam edəcək işlər çərçivəsində astronavtlar növbəti "iROSA" günəş panellərinin quraşdırılması üçün orbital stansiyanın seqmentlərindən birini təkmilləşdirməli olacaqlar. Gözlənilir ki, stansiyanın enerji sisteminin gücünü artırmağa imkan verəcək yeni günəş panelinin quraşdırılması elə bu il həyata keçiriləcək.