Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Netanyahu: "Tramp ABŞ əsgərlərini Qəzzaya göndərmək niyyətindən bəhs etməyib"
"Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizə üçün ABŞ-nin Qəzza zolağına öz hərbçilərini göndərməsinə ehtiyac yoxdur, çünki bu, İsrailin üzərinə düşən məsələdir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News"a müsahibəsində deyib.
"Düşünmürəm ki, o, (ABŞ Prezidenti Donald Tramp - red.) HƏMAS-ın məhv edilməsi üçün ABŞ qoşunlarının göndərilməsindən bəhs edirdi. Bu bizim öhdəliyimizdir, bizim işimizdir və biz buna tam sadiqik", - deyə Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, Tramp Qəzza zolağının bərpasının ABŞ vəsaitləri hesabına maliyyələşdirilməsindən də danışmayıb. Netanyahu əlavə edib ki, ABŞ prezidenti bunu qonşu ölkələrin, zəngin dövlətlərin edəcəyini nəzərdə tuturdu.
Bundan əlavə, İsrailin baş naziri vurğulayıb ki, bölgədən çıxıb getmək istəyən Qəzza sakinlərinə bunun üçün imkan yaratmaq lazımdır.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonrakı mətbuat konfransında ABŞ hərbçilərinin Qəzza zolağına göndərilməsinin mümkünlüyündən danışdığı deyilirdi.
Bildirildiyinə görə, Tramp ABŞ-nin Qəzza zolağını tutmağa və eksklavın təmizlənməsinə başlamağa hazır olduğunu, Qəzza sektoruna sahib olandan sonra bütün təhlükəli partlamamış bombaları və digər silahların zərərsizləşdirilməsinə şəxsən cavabdehlik daşıyacağını deyib, həmçinin Qəzza zolağında təhlükəsizliyi qorumağa kömək etmək üçün ABŞ hərbçilərinin həmin əraziyə göndərilməsini də istisna etməyib.
Rəylər