"Niderland bölgədə əmin-amanlığın təmin edilməsi istiqamətindəki fəaliyyətləri müsbət qiymətləndirir və yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanacağına inanır".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen deyib.
Onun sözlərinə görə, Niderland Azərbaycan və Ermənistanda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün maliyyə yardımı göstərəcək.
Berendsen İrəvanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib:
"İtkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, meyitləri tapmaq məqsədilə İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə dəstəyi ayrılacaq".
Diplomat konkret hansı məbləğin ayrılacağını açıqlamayıb.
Niderlandlı nazir maliyyə yardımı ilə yanaşı, dəstəyin digər variantlarının da ola biləcəyini istisna etməyib.