Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NOS telekanalı yayıb.
Məlumata görə, partlayış mayın 7-də yerli vaxtla təxminən saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da) baş verib. Hadisə nəticəsində binanın giriş hissəsi və pəncərələri zədələnib, daxili məkanı isə tüstü bürüyüb.
İnsident zamanı Haaqada yerləşən ofisdə partiyanın gənclər təşkilatının tədbiri keçirilirdi və tədbirdə təxminən 30 nəfər iştirak edirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanları partlayışdan təxminən bir saat sonra şübhəli şəxsi saxlayıblar.
Baş nazir Rob Yetten hadisəyə münasibət bildirərək bunu "qorxaqcasına qorxutma aktı" adlandırıb, polisə və yanğınsöndürmə xidmətinə operativ reaksiyaya görə təşəkkür edib.
NOS telekanalı vurğulayıb ki, bu, partiyanın ofisinə ilk hücum deyil. Belə ki, 2025-ci ilin sentyabrında miqrasiya əleyhinə keçirilən etiraz aksiyasının iştirakçıları həmin binanın pəncərələrini sındırmışdılar. O zaman aksiya polislə kütləvi toqquşmalara çevrilmiş və nəticədə 30-a yaxın şəxs məhkum edilmişdi.