“Əl-Qaidə” terror təşkilatının “Boko Haram” qruplaşması 200-dən çox məktəbli qızın oğurlanmasının məsuliyyətini üzərinə götürüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qrupun lideri Əbubəkər Şekau etdiyi video müraciətdə qızların satışa çıxarılacağını bildirib.
Nigeriya prezidenti Qudlak Conatan ötən ay islamçı ekstremistlər tərəfindən oğurlandığı ehtimal edilən qızların azad edilməsi istiqamətində bütün imkanlara əl atılmasını əmr edib.
Bazar günü çıxış edən Conatan baş verən hadisənin həm valideynlər, həm də bütün xalq üçün imtahan və çətin vaxt olduğunu deyib.
Lakin paytaxt Abujada bir qrup qəzəbli valideyn hökuməti laqeydlikdə və qızlarını xilas etmək istiqamətində ləng işləməkdə təqsirləndirib.
276 qız aprelin 15-də Borno ştatının Çhibok şəhərində oğurlanıb.
Yerli rəsmilər qızların bəzilərinin Kamerun və ya Çada keçdiklərini ehtimal edir.