Kamerunun şərqində yerləşən Zambua bölgəsindəki qızıl mədənində baş verən uçqun nəticəsində təxminən 100 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Cameroun24" portalı yerli sakinlərə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda faciə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilir və hadisənin dəqiq miqyası hələ müəyyənləşməyib. Uçqun anında mədənin içərisində çoxlu sayda insanın olduğu bildirilir.
Xilasedicilər olduqca çətin şəraitdə fəaliyyət göstərirlər. Dağıntıların təmizlənməsi prosesi əllə aparılır, çünki ağır texnikadan istifadənin hələ də salamat qalmış yeraltı dəhlizlərin çökməsinə səbəb ola biləcəyi üçün ciddi narahatlıq mövcuddur.
Bədbəxt hadisə Mərkəzi Afrika Respublikası (MAR) ilə sərhədə yaxın qızıl ehtiyatları olan ərazidə qeydə alınıb. Burada həmin ölkədən, eləcə də Çad, Burkina-Faso və Malidən olan miqrantlar da işləyirdilər ki, bu amil həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesini daha da çətinləşdirə bilər.