Omanda Fars körfəzi ölkələri və İran XİN rəhbərlərinin görüşünün "konsensusa nail olmaq maraqları naminə" daha sonrakı tarixə keçirildiyi bildirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılan görüş daha sonrakı tarixə təxirə salınıb.
Bu barədə Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr əl-Busəidi məlumat verib.
"Regional görüşün bu gün Salalada keçirilməsi planlaşdırılmışdı. Konsensusa nail olmaq maraqları naminə görüş təxirə salınıb. Biz regionumuzda sabitliyə və uzunmüddətli əməkdaşlığa töhfə verən dialoqun inkişafına sadiq qalırıq", - deyə nazir "X"də yazıb.
Xatırladaq ki, sentyabrın 14-də Omanda Fars körfəzi ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirilməli idi. Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyi ölkəsinin görüşdə iştirakını təsdiqləyib.
Onun sözlərinə görə, regional məsələlərlə yanaşı, İran və Oman arasında Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi ilə bağlı danışıqların nəticələri də müzakirə edilməli idi.