Pakistan Tehran və Vaşinqton arasında olan münaqişənin tənzimlənməsi istiqamətində apardığı vasitəçilik missiyası zamanı İranla danışıqlarda "ciddi irəliləyişə" nail olub.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistan nümayəndə heyətinin İrana etdiyi səfərin yekunları ilə bağlı ölkənin daxili işlər naziri Möhsün Rəza Nəqvi özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Bizim müzakirələrimiz İran-ABŞ münaqişəsinə və Yaxın Şərqdəki gərginliyə həsr olunmuşdu. Ciddi nəticələr əldə olundu və görüş müsbət ab-havada yekunlaşdı. İnanırıq ki, yaranmış bu mühit regionda davamlı sülhün bərqərar olması və gələcək inkişaf üçün zəmin yaradacaq", - deyə hökumət rəsmisi bildirib.
Nazir, eyni zamanda, vurğulayıb ki, İslamabadın fikrincə, ABŞ və İran tərəfləri iyunun 18-də imzalanmış qarşılıqlı anlaşma memorandumunun baza prinsiplərinə yenidən qayıtmalıdırlar. Sözügedən sənəd tərəflər arasındakı ziddiyyətlərin həlli və mövcud böhranın idarə olunması baxımından əsas baza rolunu oynamalıdır.