Fransanın paytaxtı Parisin polis prefekturası "sarı jiletlilər" hərəkatının şənbə günü Bastiliyadan şəhərin mərkəzi meydanına doğru yürüş keçirməklə bağlı planlaşdıran etiraz aksiyasını qadağan edib.
Oxu.Az bu barədə BFMTV telekanalına istinadən xəbər verir.
Paris prefekturası "sarı jiletlilər"i şəhərin kənarında yerləşən Por-de-Banyole və Por-de-Şaranton arasında başqa bir marşruta yönəldib. Prefekturadan izah edilib ki, hərəkatın təklif etdiyi marşrut üzərində çoxlu sayda polis məntəqəsi, bank filialları, mağazalar və iaşə obyektlərinin olması səbəbindən ictimai qayda tələblərinə uyğun gəlmir.
Paris polis prefekturası həmçinin oktyabrın 31-dən noyabrın 2-dək paytaxtın bəzi ərazilərində komendant saatının tətbiq edilməsi barədə sərəncam verib. Komendant saatı Respublika meydanında və "Le-Al" rayonu ətrafında saat 23:00-dan 06:00-dək qüvvədə olacaq.
Prefekturanın digər sərəncamı ilə şənbə günü saat 08:00-dan 23:30-dək "Qar-dü-Nor" və "Qar-de-Lion" vağzalları ətrafında "insanların daxil olmasının və hərəkətinin tənzimləndiyi mühafizə zonası" müəyyən edilir. Ətraf ərazidə yaşayan sakinlər və hüququ olan şəxslər istisna olmaqla, orada piyadaların hərəkəti qadağan ediləcək.
Qeyd edək ki, "sarı jiletlilər" hərəkatının təşkilatçıları oktyabrın 31-də Fransada yeni nümayişlərə çağırış ediblər. Fransanın daxili işlər naziri Loran Nunez oktyabrın 31-də keçiriləcək etirazlar zamanı 70 000 hüquq-mühafizə əməkdaşının cəlb olunacağını bəyan edib.