ABŞ Hərb Nazirliyi uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi olmayan məlumatların yeni hissəsini ictimaiyyətə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu məlumatlar WAR.GOV/UFO ünvanında yerləşdirilib.
Nazirliyin mətbuat katibi Şon Parnell bildirib ki, qurum sözügedən məsələ ilə bağlı məxfilikdən çıxarılmış və tarixi faylların dördüncü hissəsini dərc edir. Onun sözlərinə görə, nazirlik mütəmadi olaraq əlavə sənədləri yayımlamağa davam edəcək.
Qeyd olunub ki, ümumilikdə 40 fayl yayımlanıb. Onlardan 14-ü sənəd, 19-u video, dördü səsyazısı və üçü isə şəkildir. Təqdim olunan materiallar Pentaqon, NASA, MKİ, FTB və Energetika Nazirliyi kimi müxtəlif qurumlar tərəfindən verilib.
Faylların təxminən yarısı 2010-cu il və ya daha sonrakı dövrə aiddir. Videolarda hərbi kameralar vasitəsilə qeydə alınmış infraqırmızı kadrlar da yer alıb. Keyfiyyəti aşağı olan görüntülərdə dünyanın müxtəlif yerlərində, o cümlədən Sakit okeanın qərb hissəsi, Atlantika və Yaxın Şərq üzərində izahı olmayan obyektlər və onlarla qarşılaşma anları əks olunub.
Əvvəlki nəşrlərdə olduğu kimi, bu sənədlərdə də ABŞ hökumətinin UNO-lar barədə məlumatların yerdənkənar həyatın mövcudluğuna sübut olub-olmamasına dair hər hansı bir qənaət yer almır. Həmçinin bu obyektlərin ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaradıb-yaratmadığı da qeyd edilmir.