Roma Papası XIV Leo Peruya səfəri çərçivəsində yekun messaya gələrkən göz nahiyəsindən təsbeh zərbəsinə tuş gəlib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, pontifik gözünü ovuşdursa da, toplaşanları salamlamağa davam edib.
Hadisə bazar ertəsi Lima aviabazasında baş verib. XIV Leo papamobillə hərəkət edərkən kütlə arasından kimsə ona doğru əşya (təsbeh olduğu ehtimal edilir) atıb. Həmin anın foto və video qeydlərində pontifikin zərbədən sonra gözünü ovuşdurduğu görünür.
Agentliyin məlumatına görə, heç bir xəsarət əlaməti qeydə alınmayıb. Papa yoluna davam edib və daha sonra vətəni adlandırdığı ölkəyə altı günlük səfəri zamanı göstərilən qonaqpərvərliyə görə perululara minnətdarlığını bildirib.
Məlumata əsasən, Cənubi Amerikaya 12 günlük səfəri müddətində möminlər kütlə içərisində hərəkət edən XIV Leoya mütəmadi olaraq müxtəlif əşyalar atıblar. Pontifik adətən onları tutmağa macal tapırdı: belə hədiyyələr arasında oyuncaqlar və bayraqlar olub. O, bir dəfə Romada Müqəddəs Pyotr meydanında keçirilən qəbul zamanı Çikaqo sakinlərinin ona təklif etdiyi pizzanı götürmək üçün avtomobili saxlatmışdı.
XIV Leonun Cənubi Amerikaya səfəri noyabrın 6-dan 17-dək baş tutub. Pontifik Uruqvay, Argentina və Peruda olub. Onun əvvəllər xidmət etdiyi Çiklayo şəhərində açıq səma altında keçirilən messaya təxminən 500 min insan toplaşıb.