"Türkiyədə terror təşkilatı kimi tanınan və qadağan edilən Kürdüstan Fəhlə Partiyasının (PKK) ilk döyüşçü qrupu 11 iyulda qonşu İraqın şimal ərazisində tərksilah prosesinə başlayacaq".
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti xəbər verir.
Bildirilir ki, PKK-nın silahsızlaşdırılması ilə bağlı məsələlər iyulun 8-də Bağdadda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və İraq mərkəzi hakimiyyətinin nümayəndələri arasında müzakirə ediləcək. Kalın Ankara, Bağdad və Ərbil (İraq Kürdüstanı hakimiyyəti - red.) arasında bütün prosesin koordinasiyasını həyata keçirəcək.
Kalının İraqa səfəri bazar ertəsi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə kürdyönlü DEM Partiyasının nümayəndələri arasında keçirilən və PKK-nın silahsızlaşdırılması prosesinin müzakirə olunduğu görüşdən sonra baş tutacaq. İraqdan qayıtdıqdan sonra Türkiyə kəşfiyyatının rəhbəri səfərinin nəticələrini parlament sədri Numan Kurtulmuşa təqdim edəcək ki, bu da PKK-nın silahsızlaşdırılması üzrə parlament komissiyasının yaradılmasından əvvəlki mərhələ olacaq.
Mənbə qeyd edir ki, ilk olaraq təşkilatın hərbi qanadının nümayəndələrindən birinin rəhbərliyi altında 20-30 PKK döyüşçüsündən ibarət qrup silahlarını təhvil verəcək. Bundan əvvəl isə təşkilatın lideri Abdullah Öcalan PKK-ya müraciəti gözlənilir.
Xatırladaq ki, fevralın 27-də Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib. Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb. O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.