Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş baş komandanı Xəzər dənizində təlimlər zamanı 14 hərbçinin ölümü ilə əlaqədar saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"DİN-in hərbi istintaq bölməsi Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı cinayət istintaqı çərçivəsində xidməti səhlənkarlığa görə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ-nin keçmiş baş komandanı, 1-ci dərəcəli kapitan saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirib. O, məhkəmənin sanksiyası ilə həbs edilib", - deyə nazirlik açıqlamada bildirib.
Nazirlik saxlanılan şəxsin adını açıqlamayıb. Zakon.kz portalının məlumatına görə, saxlanılan şəxs ötən həftə vəzifəsindən azad edilən Kanat Niyazbekovdur. Müdafiə Nazirliyinin daha əvvəl bildirdiyinə görə, o, sentyabrın sonunda Xəzər dənizində təlimlərə rəhbərlik edib.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən təlimlər zamanı 17 hərbçini su aparıb. Onlardan 14-ü həlak olub, üçü xilas edilib.
İnsidentdən sonra Tokayev Müdafiə Nazirliyinə araşdırma aparılması barədə göstəriş verib. Həmçinin müdafiə nazirini və Baş Qərargah rəisini dəyişib, HDQ-nin baş komandanını isə vəzifəsindən azad edib.
Hadisə ilə bağlı cinayət işi üzrə istintaq davam edir. DİN-in daha əvvəl bildirdiyi kimi, təqsirləndirilən şəxslər arasında HDQ-nin baş komandanının birinci müavini və Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri var.