Qazaxıstanın yeni birpalatalı parlamentinə (Qurultay) ilk deputat seçkisində ölkə ərazisində səsvermə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, 10 mindən çox seçki məntəqəsi bağlanıb və səslərin hesablanmasına başlanılıb.
Xaricdəki bir sıra seçki məntəqələrində səsvermə davam edir. Sonuncu olaraq, adətən, ABŞ-dəki seçki məntəqələri bağlanır.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Astana vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 17:00-a) seçkilərdə seçicilərin 72.15 faizi iştirak edib. Bu göstərici 2023-cü il parlament seçkisində qeydə alınan seçici fəallığını üstələyib. Həmin seçkilərdə seçicilərin 54.21 faizi səsvermədə iştirak etmişdi. İştirakla bağlı yeni məlumatlar hələ açıqlanmayıb.
Qurultaya seçkilər 15 mart 2026-cı ildə referendumda qəbul edilmiş ölkənin yeni Konstitusiyasına uyğun olaraq keçirilir. Yeni Konstitusiya ölkədə əvvəllər mövcud olmuş ikipalatalı parlamentdən birpalatalı Qurultaya keçidi nəzərdə tutur.
Qurultayda 145 deputat olacaq. Parlamentdə mandat uğrunda 545 namizəd irəli sürmüş yeddi siyasi partiya mübarizə aparır. Seçki yalnız partiya siyahıları üzrə keçirilir. Seçicilərin bütün partiyaların əleyhinə səs vermək imkanı da var. Parlament seçkisində seçici fəallığı ilə bağlı hər hansı minimum hədd müəyyən edilməyib.